Məgər dua uca Allah üçün edilən ibadətdir?
37, Азербайджан

 Bəli, dua uca Allah üçün edilən ibadətdir.
Qurandan dəlil: "Rəbbiniz buyurdu: "Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlüklərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir, yaxud əl-Mumin 60)
Hədisdən dəlil: "Dua ibadətdir". (ət-Tirmizi – "səhih"dir)


 2. Ölülər duanı eşidirlərmi?
Xeyr, ölülər duanı eşitmirlər!
Qurandan dəlil: "Şübhəsiz ki, sən nə ölülərə, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən!" (ən-Nəml, 80) "Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən" (Fatir, 22)
Hədisdən dəlil: "Həqiqətən, Allahın yer üzünü səyahət edən mələkləri vardır ki, onlar ümmətimin salamını mənə çatdırırlar". (ən-Nəsai – "səhih"dir)
3. Ölüdən və ya qeybdə olandan kömək diləyə bilərikmi?
Xeyr, nə ölüdən, nə də qeybdə olandan kömək diləmək olar! Əksinə, biz yalnız Allahdan kömək diləməliyik.
Qurandan dəlil: "O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da sizə cavab verdi (duanızı qəbul etdi)". (əl-Ənfal, 9)
Hədisdən dəlil: "Peyğəmbərə (s.ə.s) bir narahatlıq və ya bir müsibət üz verdikdə deyərdi: "Ey əbədi, ey əzəli (olan Allah)! Sənin rəhmətinə Səndən kömək diləyirəm". (əl-Hakim – "həsən"dir)
4. Allahdan qeyrisinə and içmək olarmı?
Xeyr, Allahdan qeyrisinə and içmək olmaz.
Qurandan dəlil: "De: "Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz". (ət-Təğabun, 7)
Hədisdən dəlil: "Kim Allahdan qeyrisinə and içərsə artıq şirk etmiş olar".(Əhməd "səhih"dir)
5. Həmayil (göz muncuğu və s.) və tilsimlər asmaq olarmı?
Onları asmaq olmaz, çünki bunu etmək şirkdir.
Qurandan dəlil: "Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!" (əl-Ənam, 17)
Hədisdən dəlil: "Kim (gözdəymədən və s. Qorunmaq üçün) tilsim asarsa artıq şirk etmiş olar". (Əhməd – "səhih"dir)
6. Uca Allaha nə ilə təvəssül etməliyik?
Allaha saleh əməllərlə, Onun ad və sifətləri ilə təvəssül etməliyik.
Qurandan dəlil: "Ən gözəl adlar Allahındır! Onu bu adlarla çağırıb dua edin" (əl-Əraf, 180)
Hədisdən dəlil: "Sənin Özünə verdiyin, Sənə məxsus hər bir adla Səndən istəyirəm!" (Əhməd – "səhid"dir)
7. Dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olurmu?
Xeyr, dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olmur.
Qurandan dəlil: "(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm". (əl-Bəqərə, 186)
Hədisdən dəlil: "Doğrusu siz (hər şeyi) eşidəni, yaxın olanı çağırırsınız! O da sizinlədir". (yəni, sizi görür və eşidir.) (əl-Buxari və Muslim)
8. Peyğəmbərin (s.ə.s) vasitəçiliyi nədir?
Peyğəmbərin (s.ə.s) vasitəçiliyi Allahın ona nazil etdiyini təbliğ etməkdir.
Qurandan dəlil: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et" (əl-Maidə, 67)
Hədisdən dəlil: Peyğəmbərin (s.ə.s) səhabələri: "Biz şəhadət gətiririk ki, artıq sən təbliğ etdin, yerinə yetirdin və nəsihət etdin!" söylədikdə o, demişdir: "Allahım şahid ol!" (Muslim)
9. Peyğəmbərin (s.ə.s) şəfaətini kimdən istəməliyik?
Biz Peyğəmbərin (s.ə.s) şəfaətini yalnız Allahdan istəməliyik.
Qurandan dəlil: "De ki: "Şəfaət bütünlüklə Allaha məxsusdur". (əz-Zumər, 44)
Hədisdən dəlil: "Allahım, onu mənə şəfaətçi et!". (yəni, Peyğəmbəri (s.ə.s)) (ət-Tirmizi – "həsən"dir)
10. Allahı və onun Rəsulunu (s.ə.s) necə sevməliyik?
Məhəbbət itaət etməklə və buyuruqları yerinə yetirməklə həqiqi məhəbbət hesab olunur.
Qurandan dəlil: "(Ya Muhəmməd) De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın". (Ali-İmran, 31)
Hədisdən dəlil: "Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz". (Muslim)
11. Peyğəmbəri (s.ə.s) mədh etdikdə mübaliğə edə (həddi keçə) bilərikmi?
Peyğəmbəri (s.e.s) mədh etdikdə mübaliğə etmək olmaz.
Qurandan dəlil: "De ki: "Mən də sizin kimi bir insanam.Mənə vəhy olunur ki, sizin ilahınız tək olan Allahdır". (əl-Kəhf, 110)
Hədisdən dəlil: "Nəsranilər Məryəm oğlunu (mədh edib) mübaliğə etdiyi kimi, siz də məni (mədh edib) mübaliğə etməyin! Mən ancaq bir qulam. Odur ki, deyin: "Allahın qulu və elçisidir!" (əl-Buxari)
12. İlk yaradılan məxluq kimdir?İnsanlardan Adəm (a.s), əşyalardan isə qələm ilk yaradılmış məxluqdur.
Qurandan dəlil: "O zaman sənin Rəbbin mələklərə belə demişdir: "Mən palçıqdan bir insan (Adəmi) yaradacam!" (Sad, 71)
Hədisdən dəlil: "Həqiqətən, Allahın yaratdığı ilk məxluq qələmdir". (Əbu Davud, ət-Tirmizi – "həsən"dir)
13. Muhəmməd (s.ə.s) nədən xəlq edilib?
Allah Muhəmmədi (s.ə.s) nütfədən xəlq etmişdir.
Qurandan dəlil: "Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan Odur!" (Ğafir, yaxud Mumin 67)
Hədisdən dəlil: "Həqiqətən sizlərdən hər biri anasının bətnində xəlq olunarkən (hamiləliyin ilk) qırx günündə nütfə halında olur,...".(əl-Buxari və Muslim)
14. Möminlər üçün dostluq nə deməkdir?
Bu, tək Allaha ibadət edən möminləri sevmək, onlara köməklik göstərmək deməkdir.
Qurandan dəlil: "Mömin kişilər və mömin qadınlar bir-birinə dostdurlar!" (ət-Tövbə, 71)
Hədisdən dəlil: Peyğəmbər (s.ə.s): "Həqiqətən, möminin möminə bağlılığı, daşları bir-birinə keçmiş binaya bənzəyir!" – deyib barmaqlarını çarpazlaşdırdı.(Muslim)
15. Kafirləri sevmək, onlara kömək etmək olarmı?
Xeyr! Kafirləri sevmək, onlara kömək etmək olmaz.
Qurandan dəlil: "Sizdən kim onlarla (kafirlərlə) dostluq edərsə, o da onlardandır". (əl-Maidə, 51)
Hədisdən dəlil: "Sübhəsiz ki, Əbu filankəsin ailəsi (kafir olduqlarına görə) mənim dostlarım deyillər".(əl-Buxari və Muslim)
16. Kimdir həqiqi vəli (dost)?
Həqiqi vəli yalnız Allahdan qorxan möminlərdir.
Qurandan dəlil: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və Allahdan qorxmuşlar".(Yunus, 62,63)
Hədisdən dəlil: "Mənim dostum ancaq Allah və saleh möminlərdir". (əl-Buxari və Muslim)
17. Allah Quranı nə üçün nazil edib?
Allah Quranı nazil edib ki, onu oxuyub əməl edək. (Şübhəsiz ki, onu büküb harasa qoymaq, yaxud asmaq heç bir fayda verməz.)
Qurandan dəlil: "Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!" (əl-Əraf, 3)
Hədisdən dəlil: "Quran oxuyun və ona əməl edin, onu atıb getməyin və onda mübaliğə etməyin, onu qazanc mənbəyinə çevirməyin və onu mənimsəməyin!" (Əhməd – "səhih"dir)
18. Hədislərsiz, yalnız Quranla kifayətlənə bilərikmi?
Yalnız Quranla kifayətlənmək Allahın qoyduğu şəriətə, Peyğəmbərin (s.ə.s) və onun ardıcıllarının tutduğu yola ziddir.
Qurandan dəlil: "Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil ediləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl, 44)
Hədisdən dəlil: "Doğrusu mənə Quranla birlikdə onun mislində olan (Sünnə) verildi!".(Əhməd – "səhih"dir)
19. Hər hansı bir sözü Allahın və Onun Rəsulunun sözündən önə keçirə bilərikmi?
Heç bir sözü onların sözündən üstün hesab etmək olmaz.
Qurandan dəlil: "Ey iman gətirənlər! (Sözləriniz və hərəkətlərinizlə) Allahın və Peyğəmbərinin qabağına keçməyin. Allahdan qorxun".(əl-Hucurat, 1)
Hədisdən dəlil: "Allaha asi olaraq (kiməsə) itaət etmək olmaz! Yalnız (asilik olmayan) yaxşı işlərdə itaət etmək olar!". (Əbu Davud – "səhih"dir)
20. Aramızda mübahisə düşsə nə etməliyik?
Mübahisə düşəndə Qurani Kərimə və səhih sünnəyə dönmək vacibdir.
Qurandan dəlil: "Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" (ən-Nisa, 59)
Hədisdən dəlil: "Sizə iki şeyi tərk edirəm ki, onlardan yapışsanız heç vaxt zəlalətə düşməzsiniz! Bu, Allahın kitabı və peyğəmbərin sünnəsidir". (Malik – "səhih"dir)
21. Dində olan "bidət" nədir?Şəriətdə (Quran və Sünnədə) dəlili olmayan hər bir şey bidətdir.
Qurandan dəlil: "Yoxsa müşriklərin Allahın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır".(əş-Şura, 21)
Hədisdən dəlil: "Bizim işimizə (dinimizə) ondan olmayan bir yenilik gətirənin gətirdiyi rədd edilir".(Qəbul olunmur) (əl-Buxari və Muslim)
22. Dində gözəl "bidət" varmı?
Xeyr! Dində gözəl "bidət" yoxdur.
Qurandan dəlil: "Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim".(əl-Maidə, 3)
Hədisdən dəlil: "Sizə (dinə əlavə edilən) yeniliklərdən çəkinməyi əmr edirəm! Həqiqətən, hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir". (Əbu Davud – "səhih"dir)
23. İslamda gözəl "sünnə" varmı?
Bəli, islamda gözəl "sünnə" var. Xeyirxah işlərdə nümunə olmaq kimi.
Qurandan dəlil: "Və o kəslər ki: "Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar bəxş et və bizi müttəqilərə imam et!" (yəni, xeyirxah işlərdə nümunə et!) deyərlər". (əl-Furqan, 74)
Hədisdən dəlil: "Kim islamda (unudulmuş) gözəl bir sünnəni bərpa edərsə, ona həm öz əməlinin, həm də ondan sonra həmin sünnəyə əməl edənin savabı qədər savab yazılar". (Muslim)
24. İnsan öz nəfsini islah etməklə kifayətlənə bilərmi?İnsan həm öz nəfsini, həm də yaxınlarını islah etməlidir.
Qurandan dəlil: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır".(ət-Təhrim, 6)
Hədisdən dəlil: "Hər biriniz hamidir və hər biriniz də himayəsində olanlar barədə sorğu-sual ediləcəkdir. Rəhbər öz rəiyyəti barədə sorğu-sual ediləcək..." (ət-Tirmizi)
25. Müsəlmanlar nə zaman qələbə çalacaqlar?
Müsəlmanlar yalnız Allahın kitabına və Peyğəmbərinin (s.ə.s) sünnəsinə əməl etdikdə qələbə çalacaqlar.
Qurandan dəlil: "Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın və Peyğəmbərinin dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər". (Muhəmməd, 7)
Hədisdən dəlil: "Qiyamətə qədər ümmətimdən qələbə çalan bir tayfa olacaq". (İbn Macə - "səhih"dir)
 

Allah bizi doğru əqidə üzərində olanlardan etsin. Amin!



8 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут