İndiki zamanımızda müsəlman ümməti kimə müraciət etməlidir ??
49, Москва, Россия

Uca və mehriban Allahın adıyla.....
Ümumiyyətlə İslamın , xüsusilə Əhli-beyt məktəbinin düşmənləri bizi əvvəl məzhəblərə, sonra millətlərə, sonra sərhədlərə və sonda bölgə və zonalara böldülər. Ürəkləri kinlə və nifrətlə dolu olan düşmənlərimiz bölməkdə davam edir və nəhayət bir məktəbin içərisində olan müsəlmanları "vilayət" və "ziddi-vilayətə" bölməyə başladılar. Nə qədər boynumuzdan atmağa çalışsaq da , müəyyən qədər düşmənin mənfur hiyləsi , biz Azərbaycan möminlərindən də yan keçmədi. Bu gün doğma Vətənimiz Azərbaycanda, bu məsələyə görə möminlər arasında olan soyuqluqlar buna əyani sübutdur.
Qardaşlarım və əzizlərim , sizi and verirəm anamız Həzrəti Zəhraya (ə) , bu yazını diqqətlə oxuyub, bu soyuqlaqları "dəfn" edək. Mən Allaha sığınıb, yazıma başlayıram.
Şəksiz və şübhəsiz bütün müsəlmanlar Məsum (ə) hazır olmayan zamanda, din alimlərinə (Müctehidlər və Müftülər) müraciət edirlər. Sadə insan ağlı dərk edir ki, hər bir insan Quran və hədislərdən İlahi hökmləri istinbat etmək qüdrətində deyildir. Xüsusilə də İmam Zaman ağanın (əc) Qeybətül-Suğra da (kiçik qeybə çəkilmə dövrü) 4 xüsusi naib təyin etməsi, biz müsəlmanlar üçün aydın dəlildir ki, Ağamız (əc) qeybdə olan müddətdə İslam ümməti başsız qalmamalıdır. Qeybətül-Suğrada, bu barədə bizim üçün problem yoxdur, ona görə ki, o dönəmdə İmam Mehdi (əc) xüsusi naibini adı və bütün xüsusiyyəti ilə təyin etmişdir. Amma Qeybətül-Kubra da (böyük və uzun qeybə çəkilmə dövrü) necə ??!!
İndiki zamanımızda müsəlman ümməti kimə müraciət etməlidir ??
Bu suala cavab verməzdən öncə "hökm" və "fətva"nı diqqətinizə çatdırmaq istəyirəm. "Hökm" və "fətva" arasında fərq nədir ?? "Hökm"-müsəlmanların ictimai və siyasi vəzifələrini təyin edən qərardır. "Fətva"-müsəlmanların fərdi və xüsusi təklifini təyin edən qərardır.
Əhli-beyt məktəbinə əsasən Qeybətül-Kubrada "fətva" müctehidlərin və mərceyi təqlidlərin ixtiyarındadır. Müctehid o şəxsə deyilir ki, o şəxsin Qurandan və hədislərdən İlahi hökmlər istinbat etmək qüdrəıti vardır. Bu qüdrət bütün müsəlmanlarda, bir neçə müsəlmanlarda və yaxud bir müsəlmanda ola bilər. Və yer üzərində bir nəfər də bu qüdrətə malik olmazsa, o zaman vacibdir ki, müsəlmanlar belə bir qüdrəti əldə etmək üçün elm öyrənsinlər.
Məqsədimiz odur ki, "fətva"da ixtilaf yoxdur, bu haqq fəqihlərin və din alimlərinin ixtiyarındadır. Əsl məsələ və ixtilaf "hökm"dədir. Qeybətül-Kubrada "hökm" vermək kimin ixtiyarındadır ??? Bu məsələdə Əhli-beyt məktəbinin alimləri 3 qismə bölünür. (Əlbəttə 200-250 il bundan əvvəlin alimlərindən yazıram).
1. Müctehidlərin içərisindən bir nəfər hakim seçilməlidir və "hökm" onun ixtiyarına verilməlidir. Bu nəzəriyyəyə "vilayəti fəqih mutləqə" deyilir. Bu nəzəriyyəni irəli sürən Məhəmməd Həsən Nəcəfi (Sahibul-Cəvahir), İmam Xomeyni, Fazil Lənkərani ağa, Seyyid Əli Xamenei , Seyyid Kazım Hairi, Şeyx Məkarim Şirazi, Şeyx Nuri Həmədani və sairə....
2.Hər bir müctehid və mərcəyi təqlid öz müqəllidləri üçün hakimdir. Bu nəzəriyyəyə "vilayəti fəqih muqəyyədə" deyilir. Bu nəzəriyyəni irəli sürən Şeyx Ənsari, Seyyid Xoi, Şeyx Mirzə Cavad Təbrizi, Şeyx Vəhid Xorasani, Seyyid Əli Sistani , Seyyid Məhəmməd Səid Həkim, Şeyx Fəyyaz və sairə.... 3.Müctehidlər şurası olmalıdır və "hökm" o şuranın ixtiyarında olmalıdır. Bu nəzəriyyəni irəli sürən Seyyid Məhəmməd Hüseyn Şirazi və sairə.... Deməli bu
3 nəzəriyyənin üçünün də sahibləri vardır, şəksiz və şübhəsiz hər bir nəzəriyyə sahiblərinin də özünə məxsus qane edici dəlilləri vardır. Mənim məqsədim, hansının dəlilinin güclü və zəif olmasını demək deyildir. (Əlbəttə bunu demək üçün də gərək, İslamda rəy və fətva sahibi olasan).
Mənim məqsədim odur ki, bu məsələyə düzgün yanaşaq və yersiz ixtilaflara son qoyaq.
Məsələn, mən birinci nəzəriyyəyə malik olan bir müctehidə təqlid edirəm və onun da fətvası budur ki, müctehidlərin arasından bir nəfər "hakim" olmalıdır. Misal üçün , Şeyx Nuri Həmədaniyə təqlid edirəm. O zaman mənim üçün Seyyid Əli Xamenei ağanın rəhbər və hakim olması sübut olunur və mənim vəzifəm, onu rəhbər bilməkdir.
Amma misal üçün, mən Seyyid Həkimə təqlid edirəm və onun da fətvası budur ki, hər bir müctehid öz müqəllidləri üçün rəhbər və hakimdir. O zaman mənim vəzifəm Seyyid Həkimi müctehid bilməkdir. Sizi and verirəm Allaha, bu zaman kiminsə ixtiyarı var ki, məndən irad tutsun ki, sən niyə Filan alimi rəhbər tanımırsan ????? Və yaxud mən Şeyx Fazil Lənkəraniyə təqlid edirəm, və onun fətvasına əsasən hakim və rəhbər Seyyid Əli Xameneini bilirəm, O zaman kiminsə haqqı çatırmı , məndən irad tutsun ki, sən niyə Filan alimi rəhbər tanıyırsan ????
Və yaxud Seyyid Məhəmməd Hüseyn Şiraziyə təqlid edirəm, ona görə də "hökmü" şuranın ixtiyarında bilirəm, o zaman kimsə məndən irad tuta bilər ki, niyə şuranı "hakim" bilirsən ????
Qardaşlarım, "vilayət" və "ziddi vilayət" yoxdur, sadəcə hər bir mükəlləf müsəlman öz təqlid etdiyi müctehidinin fətvasına əməl etsin, amma qarşı tərəfin rəyinə hörmət etməklə. Sonda icazə verin ki, bir yalvarışla hamınıza müraciət edim. Niyə biz, hansısa müctehidə təqlid edərkən , digərini pisləmək istəyirik ??? Niyə biz, bir ruhanini sevərkən, digərinin xidmətini zay edirik ??? Niyə biz, bir nəfəri sevərkən , digərini gözdən salmağa çalışırıq ??? Ola bilməz ki, bir nəfəri və yaxud bir neçə nəfəri sevək, digərlərinə də hörmətlə yanaşaq ??? Axı Quranımız bizə deyir ki, "ey Kitab əhli , gəlin sizinlə bizim aramızda ortaq kəlmə ətrafında toplanaq". (Ali İmaran surəsi /64). Kitab əhli ilə ortaq kəlmə ətrafında toplanmağımızı istəyən Allahımız, bizim öz aramızda parçalanmağımızdan razı olarmı ????!!!!!!! Əsla ...
Seyid Ağarəşid Boradigahlı.
16.12.2013.

16 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут