22.05.2011
Gizlenpac
32, Азербайджан

Hamımızın uşaqlıqda oynadığı bir sevimli oyun vardı. Gizlənpaç adında. Yaşca özümdən böyüklər o oyuna məni də qoşanda, ilk gizləndiyim etibarlı yer özüm olmuşam ‐ özümdə gizlənmişəm. Necə? Sadəcə ‐ gözlərimi yumaraq. Elə bilmişəm ki, gözümü yumanda heç kim məni görməz. Necə ki, mən heç kimi görmürdüm, qaranlıqdan başqa…

Sonralar böyüdükcə gizlənməyin yolunun göz yummaq olmadığını öyrəndim. Və daha çox şeylər öyrəndim. Öyrənərək anladım ki, insan təkcə fiziki gözünü deyil, həm də qəlb gözünü yuma bilir. Qəlb gözünü yumanlar fiziki gözünü yumanlardan fərqlənir. Belə ki, gözünü yuman qaranlıqda qalır və eyni zamanda o, bu qaranlığın fərqində olur. Həm də anlayır ki, qaranlıqdan qurtulmağın yolu gözünü açmaqdır.
Gözünü açmaq, qaranlıqdan qaçmaq, nura, işığa, aydınlığa qovuşmaq.

Lakin qəlb gözünü yumanlar fərqlidir. Onlar düşdükləri zülmətin fərqində olmazlar. Olmadıqları üçün də qaranlıqdan qurtulmaq istəməzlər. Dolayısı ilə, özlərini qurtulmağa ehtiyaclı hiss etməzlər.
Kimsə onlara “Gözünü aç!” desə, xəbərdarlıq, xeyirxahlıq etmək istəsə, qulaqardına vurar, gülər, alay edər və hətta bu sözü deyənə “dəlidir” deyib keçərlər.
Anlamazlar ki, gözlərini yumanlar yalnız özlərinə qaranlıq etmiş olurlar.
Anlamazlar və...
Bir ömür gözüyumulu yaşamağı seçərlər…

Həə… Qəlb gözünün korluğu ağır xəstəlikdir. Lakin şəfasız deyil. Qurtulma şansı olsa da, yenə də insanın öz iradəsidən asılıdır.
Və bir də qəlbinin, ruhunun bu dünya ilə sərhədlənib sona yetəcəyinə deyil, ötə dünyanın ‐ axirətin var olduğuna inanmasından asılıdır, bu korluğun müalicəsi.
Deyirlər, bu dünyada qəlb gözü kor olanlar, axirətdə özü kor olaraq həşr olunacaq…

Qəribədir…
Fani, əzablı, qısa, ölümlü‐itimli dünya həyatını çək ciyərlərinə, nə varsa elə budur de, beş günlük dünyadır de, ye, iç, yat, kef çək! Əxlaqı sıfırla, elmdən uzaq qaç, yaxşılıqdan, xeyir əməldən qaç, gizlən, yum qəlbinin gözünü… Bərk‐bərk yum… Heç kimin səni görmədiyini san, heç kimə hesab verməyəcəyinə əmin ol, nəfsinə qul ol…
Və gec‐tez öl!

Axirətdə ‐ əbədi, dinc, rahat, bütün neqativlikdən uzaq ötə dünyada kor olaraq həşr olun…
Və əbədi yaşa kor gözlərlə…
Əgər bu, yaşamaq olacaqsa…

19 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут