İmam Huseyn (ə.) Qurani Kərimdə - Təthir Ayəsi
39, Азербайджан

Hamıya məlumdur ki, Imam Hüseyn (ə) Islam dünyasının ən əzəmətli və dəyərli simalarıvdan biri olaraq, daim müsəlmanların və həmçinin qeyri-müsəlmənların diqqət mərkəzində olmuşdur. Sözsüz ki, Həzrət Hüseynin(ə) belə böyük şöhrətə malik olmasında, onun Muhəmməd peygəmbərin(s) nəvəsi olması və həm də, dünyaya ən dəyərli örnək olan, Islam yolunda misilsiz igidlik nümayiş etdirdiyi Kərbəla qiyamı böyük rol oynamışdır. Amma unutmaq olmaz ki, Həzrət Hüseyn(ə) yüksək əxlaqa və ilahi mənəviyyata malik oldugu üçün bütün müsəlmanların müqədddəs kitabı, Qurani-kərimdə də, dəfələrlə insanlara ən yaxşı örnək sayılmışdır. Məhz ilahi ayələrin O Həzrətə(ə) münasıbəti və ona verdiyi dəyər, bizə onun şəxsiyyətinin sonsuz əzəmətini və Tanrı dərgahında olan dəyərini çatdırır. Əhli-sünnə və şiə alimləri öz təfsir kitablarında Imam Hüseynin(ə) haqqında olan coxsaylı müxtəlif ayələrə işarə etmişlər. Biz isə ixtisarla belə ayələrdən bir neçəsini dəyərli oxucularımıza təqdim edirik:
İmam Hüseyn (ə) "Təthir" ayəsində
Uca Tanrı Qurani-Kərimdə buyurur:
"Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən (ə) pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək istəyir." (Əhzab surəsi, ayə 33.)
Saysız-hesabsız şiə və sünnü rəvayətlərinə əsasən "təthir" ayəsi müqəddəs Peyğəmbərimizin (s) ömrünün axırlarında Ümm Sələmə xanımın evində nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu ayə ona nazil olduqdan sonra Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə), və Həzrət Hüseyni (ə) öz əbasının altına alıb buyurdu: "Ilahi, bunlar mənim Əhli-beytimdir..." Bu vaxt möminlərin anası Ümmü Sələmə Həzrət Peyğəmbərdən (s) soruşdu: "Ey Allahın rəsulu (s) mən hansı məqama malikəm? Mən də Əhli-beytdən sayılırammı?" Rəsulullah (s) ona cavabında buyurdu: "Sən doğru yoldasan və haqqa tərəf hərəkət edirsən..."
Əllamə Təbatəbayi bu rəvayətin sənədi haqqında belə buyurur: "Bu rəvayət müxtəlif sənədlər ilə zikr olunmuşdur. Demək olar ki, yetmişdən çox mötəbər sənəd bu rəvayətin düzgünlüyünü isbatlayır. Və toplanmış bu sənədlərin böyük bir qismi, yəni qırxa yaxını, əhli-sünnə və otuzdan çoxu şiə mənbələri ilə sübuta yetirilmişdir." (Əllamə Təbatəbayi, «Əl-mizan fi təfsiril-Quran» c. 16, səh. 311.)
Həmçinin böyük Quran müfəssiri Feyz Kaşani "təthir" ayəsinin Muhəmməd peyğəmbər (s), Imam Əli (ə), Həzrət Fatimə (ə), Imam Həsən (ə) və Imam Hüseyn (ə) haqqında nazil olmasını belə açıqlayır:
"Bu ayənin əba sahibləri (adlarını çəkdiyimiz beş məsum) barədə nazil olmasını təsdiqləyən şiə və sünni rəvayətlərini sayıb-qurtarmaq olmaz." (Möhsün Feyz Kaşani, «Təfsiri- Safi», c. 4, səh. 189.)
Əhli-sünnə məzhəbinin məşhur müfəssirləri də "təthir" ayəsinin bu beş nəfər haqqında nazil olmasını söyləmişlər. (Muhəmməd ibn Cərir Təbəri, «Cameül-bəyan ən təvilil-Quran», c. 12, səh. 6; Ibn Əbi Hatəm Razi, «Təfsiri-Quranil-Əzim», c. 9, səh. 3131; Ismail ibn Kəsir Dəmeşqi, «Təfsiri-Quranil-Əzim», c. 3, səh. 493; Əli ibn Vahid Nişapuri, «Əsbabül-nüzul», səh. 295; Cəlaləddin Süyuti, «Əd-dürərül-mənsur fi təfsiril-məsur», c. 6, səh. 604 və sair...) Və biz onların bu həqiqəti isbat etmək üçün istinad etdikləri onlarla rəvayətin yalnız birini burada yazırıq:
"Peyğəmbərin (s) xanımı Ümm Sələmə (Allah ondan razı olsun) deyir: "Rəsulullah (s) mənim evimdə əbasını üzərinə atıb yatmışdı. Bu zaman Fatimə (Allah ondan razı olsun) əlində bir qab yeməklə gəldi. Peyğəmbər (s) ona buyurdu: "Ərini və iki oğlun Həsən və Hüseyni də çağır, gəlsinlər." Həzrət Fatimə onları çağırdı və birlikdə oturub yemək yedilər. Bu zaman "təthir" ayəsi (Həqiqətən də Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir") nazil oldu. Həzrət Peyğəmbər (s) öz əbasını götürüb onların üstünə tutdu və əlini əbadan qırağa çıxarıb asimana işarə edərək, üç dəfə dedi: "Ilahi, bunlar mənə məxsusdurlar və yalnız bu şəxslər mənim Əhli-beytimdir. Çirkinlikləri bunlardan uzaq saxla, pakizə və təthir et!"
Ümm Sələmə deyir: Mən də onlarla birlikdə olmaq üçün başımı əbadan içəri salıb dedim: "Ey Allahın Rəsulu, mən də sizinləyəm (Əhli-beytdən sayılıram)?" Həzrət buyurdu: "Sən doğru yoldasan və yaxşı qadınsan." (Ibn Əbi Hatəm Razi, «Təfsiri-Quranil-Əzim», c. 9, səh. 3132.)
"Təthir" ayəsinin təfsirində deyilmiş onlarla şiə və sünni rəvayətlərinə nəzər saldıqda bəhs etdiyimiz ayənin məhz Həzrət Muhəmməd (s), Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) haqqında nazil olması aşkar olur. Və aydın olur ki, "Əhli-beyt"dən məqsəd yalnız bu şəxslərdir. Hətta Peyğəmbərin (s) xanımları belə "Əhli-beyt"dən sayılmırlar. Allah-taala yalnız Əhli-beytin (ə) pak olmasını iradə etmişdir!


ihq.az

istinad: www.IslamaDogru.biz
Sayta istinad verin...
Əməl etməyənlərə
halallıq verilmir...

Baxış Sayı: 102
İslamaDoğru

6 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут